Mayın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, ittifaqın Naxçıvan bölməsinin rəhbəri Yaşar Xəlilovun yaradıcılığı ilə bağlı “Mizan” – fortepiano üçün 24 prelüd və fuqa silsiləsinin təqdimatı olub.

ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözündə Yaşar Xəlilovun 40 ildən artıq təşkilatın fəal üzvü olduğunu vurğulayıb. Qeyd edib ki, Yaşar Xəlilov Bəstəkarlar İttifaqının Naxçıvan bölməsinin sədri olmaqla yanaşı, Naxçıvan Universitetində və Musiqi Kollecində də pedaqoji fəaliyyət göstərir. 

Tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva bəstəkar Yaşar Xəlilovun yaradıcılığı, əsərlərinin musiqi və harmonik dili, üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Yaşar Xəlilov 1956-cı ildə Ordubad şəhərində anadan olub, 1976-cı ildə Bakı Musiqi Texnikumunu tar ixtisası üzrə bitirərək, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini professor Qara Qarayevin sinfində davam etdirib. 1985-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bəstəkar Y.Xəlilovun yaradıcılıq irsi müxtəlif janrları əhatə edir: tar və orkestr, fortepiano və orkestr üçün Konsert, kantatalar, xalq çalğı alətləri orkestri üçün əsərlər, mahnılar, romanslar, tamaşalara yazılmış musiqi, “Əshabi Kəhf” baleti və “İblis” operası və s.

Daha sonra Yaşar Xəlilov təqdim olunan fortepiano silsiləsinin yaranma tarixindən danışıb. Əsərin yaranmasında və ümumiyyətlə, tələbə olduğu zamanda özünün yaradıcılığında professor Firəngiz Əlizadənin Azərbaycan Dövlət Konservatoriyasında müasir musiqi ilə bağlı mühazirələrinin böyük təsiri olduğunu qeyd edib.

Tədbirin bədii hissəsində bəstəkar Yaşar Xəlilovun “Mizan” – fortepiano üçün 24 prelüd və fuqa silsiləsi” beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli-Qədimalıyevanın ifasında səsləndirilib.