80 il öncə həbsxana hücrəsindən başlanan tarix...

3 may türk milliyyətçiliyi və ümumilikdə Türk dünyası üçün əlamətdar bir gün – Türkçülük Günüdür. Türkçülüyün tarixi yüzilliklərlə ölçülsə də, bu günün tarixçəsi 80 il əvvələ gedib çıxır.

Ötən əsrin 40-cı illəri Türkiyədə sol (sosialist, kommunist) və sağ (milliyyətçi, mühafizəkar) təmayüllərin tədricən üz-üzə gəldiyi dövr idi. Ölkədə hələ (rəsmən) təkpartiyalı rejim, hakimiyyətdə Cümhuriyyət Xalq Partiyası idi. Baş nazir (1942–1946-cı illər) Şükrü Saraçoğlu milli düşüncəyə sahib olsa da, dövlət qurumlarında kommunizm təbliğinə meyillənən məmurlar az deyildi. Sovet İttifaqının faşist Almaniyası ilə savaşda artıq üstün gəlməyə başlaması, Avropada kommunizm kabusunun dolanması Türkiyədə də əks-səda doğururdu. Türk milliyyətçiləri üçün kommunizm təbliğatı vətəni satmaq demək idi.

O dövrdə ölkənin təhsil naziri (1938–1946-cı illər), eyni zamanda sol düşərgənin tanınmış fikir adamı olan Hasan Ali Yücel  milliyyətçilərin daha çox hədəfində idi. Onlara görə, Yücel ali məktəblərdə öz siyasi görüşünə yaxın müəllimləri yerləşdirir, milli düşüncədə olanları sıxışdırırdı. Buna etiraz olaraq türkçülük sevdalısı şair, yazıçı Hüseyn Nihal Atsız (1905–1975) baş nazir Saraçoğluna açıq məktub yazaraq nazir Yücelin məktəblərdə, universitetlərdə kommunizm təbliğatı apardığını, bu işdə onun ən yaxın silahdaşının da "sovet casusu" şair, yazıçı Sabahattin Ali olduğunu bildirir.

1944-cü ilin martında “Orhun” dərgisində dərc olunan və kommunistləri “vətən xaini” elan edən açıq məktub ölkədə sol-sağ çəkişməsini daha da böyüdür. Sol düşərgənin tanınmış siması Sabahattin Ali (1907–1948) “vətən xaini” ittihamına görə Nihal Atsızı məhkəməyə verir. Onların hər ikisi istedadlı qələm sahibləri idi, gənc ikən yaxın dost olmuşdular, sonra siyasi baxışlarına görə yolları ayrılmışdı.

Beləcə, Sabahattin Ali – Nihal Atsız məhkəmə çəkişməsi Türkiyədə kommunistlərlə milliyyətçilərin böyük qovğasına meydan olur. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi paytaxt Ankarada və bütövlükdə ölkədə siyasi gərginliyi artırır.

Mayın 3-də milliyyətçi gənclər Ankarada izdihamlı yürüş-mitinq keçirir. Polislə toqquşmada yüzdən çox tələbə həbs edilsə də, bu aksiya türkçülüyün yüksəlişi kimi yadda qalır.

Nihal Atsız və silahdaşları – universitet müəllimləri, tələbələr, aralarında gələcəkdə siyasi lider, Milliyyətçi Hərəkat Partiyasının qurucusu olacaq hərbi zabit Alparslan Türkeşin də olduğu 30-dan çox müttəhimin məhkəmə prosesi on aydan çox sürür. 26 mart 1945-ci ildə Nihal Atsız 6 il həbsə məhkum edilir. Digər müttəhimlər barəsində də həbs qərarları çıxarılır.

1945-ci ilin 3 mayında İstanbuldakı Topxana həbsxanasında ziyalılar Nihal Atsız, Zeki Velidi Toğan, Nevet Sança, Oğuz Türkkan daxil olmaqla bir qrup məhbus “Türkçülük günü”nü qeyd edir.

İlyarım həbsdə qaldıqdan sonra işə yenidən baxan məhkəmənin qərarı ilə azadlığa buraxılan, 50-60-cı illərdə daha bir neçə dəfə məhbəsə düşən Nihal Atsız dəmir barmaqlıqlar arasında ilk dəfə qeyd olunan bu gün haqqında yazırdı: “1945-ci ilin 3 mayı türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi...”.

3 may – Türkçülük Günü ötən əsrin 50-ci illərində Nihal Atsızın təşəbbüsü, milliyyətçi ziyalı və gənclərin iştirakı ilə qeyd olunmağa başlanır. Alparslan Türkeş MHP-ni qurandan sonra bu ənənə vüsət alır, növbəti onilliklərdə Türkiyədə milliyyətçi düşərgənin bayramına çevrilir.

XXI əsrdə isə Türkçülük Günü artıq bir partiyanın, milliyyətçi dünyagörüşünün çevrəsindən çıxaraq daha böyük anlam qazanıb, bütün türk ulusunun, ümumilikdə dünyanın müxtəlif ölkələrində yaşayan türklərin bayramı halına gəlib.

Son illər türk dövlətlərinin ortaq dəyər və istəklər müstəvisində təşkilatlanması, mədəniyyətdən siyasətə qədər müştərək fəaliyyət qurumlarının yaranması 3 may – Türkçülük Gününün önəmini də artırır. Yetər ki, bu məcrada ayrı-ayrı türk dövlətləri olaraq daha uzaq hədəfli, dərin və strateji maraqları günlük, aylıq, illik iqtisadi-ticari çıxarlara hədər etməyək...

Vüqar Orxan