Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.
Təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilir.
Attestasiyanın nəticələrinə müvafiq olaraq keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində həyata keçiriləcək.
Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. O, təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək verilməsi olduğunu vurğulayıb.
Bildirilib ki, təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsasən tərtib edilib, fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.
Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.