Mayın 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert keçirilib.
Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan musiqi axşamı dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunub.
Konsertin məqsədi Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyi, mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.
Musiqi axşamında tələbə və şagirdlərin ifasında Üzeyir bəyin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Konserti elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Mehriban Vəliyeva, tanınmış mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin 400-dən çox tələbəsi izləyib.
Səsləndirilən bütün ifalar alqışlarla qarşılanıb.