Bakı Bələdiyyə Teatrının özbək ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, repressiya qurbanı Abdulla Qədirinin (1894-1938) “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının aprelin 29-da premyerası keçirilib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan və Özbəkistan respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Akademik Milli Dram Teatrının səhnəsində keçirilən premyerada Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, Özbəkistanın Xalq şairi Usmon Əzim, Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələrdən danışıb. Hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirib.

Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, eləcə də Özbəkistandan gələn digər qonaqların hər biri iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğulayıblar.

Sonra səhnə əsəri təqdim olunub.

Eyniadlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşada rolları Bakı Bələdiyyə Teatrının aktyorları canlandırıblar. Səhnə əsəri maraqla qarşılanıb.