Aprelin 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) direktoru Rəvan Həsənovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Kərimov arasında görüş keçirilib.

BBMM-də reallaşan görüşdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri və ICESCO-dakı nümayəndəsi Nazim Səmədov, qurumun Bakıdakı Regional Ofisinin əməkdaşları iştirak ediblər.

Söhbət zamanı ICESCO ilə BBMM arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşün sonunda iki qurum arasında anlaşma memorandumu imzalanıb. Sənədi ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin adından təşkilatın Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Kərimov və BBMM-in direktoru Rəvan Həsənov imzalayıblar.

Memorandum üzv dövlətlərdə və onun hüdudlarından kənarda birgə akademik və mədəni proqramlar, bacarıqların artırılması, bilik mübadiləsi, multikulturalizm və dinc yanaşı yaşama prinsipləri və s. sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir.