AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Mahmud Kaşğari adına Beynəlxalq Fond və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə layihəsi əsasında “Zəfərimizin “Açar”ı mövzusunda elmi sessiya keçirilib.

Tədbir yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun proqram rəisi Natəvan Dəmirçioğlunun 2024-cü ildə işıq üzü görən “Açar” romanının akademik müzakirəsinə həsr olunub.

Elmi sessiyada romanın ideya-bədii xüsusiyyətləri, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və müasir ədəbiyyatımızda yeri məsələsi müzakirə edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin deputatları – Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, Elçin Mirzəbəyli, Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, aparıcı elmi işçisi dosent Fidan Nizaməddinqızı, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri dosent Elçin İsmayılov və başqaları çıxış ediblər.

Qeyd olunub ki, “Açar” romanı həm dilinin canlılığı, həm də nəsr ilə dramaturgiyanın estetik harmoniyası baxımından seçilir. Əsərin dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və psixoloji səciyyə daşıyır. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin, əslində, ümumbəşəri problem olduğu aydınlaşır. Şərti metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verib. Nəticədə çoxplanlı, çoxqütblü, çoxproblemli bir əsər yaranıb.

Vurğulanıb ki, "Açar" mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələrini əks etdirən, real obrazlar sisteminə malik müasir romandır. Müəllifin orijinal üslubu, rəvan dili, zəngin etnoqrafik yaddaşı, nasir təcrübəsi, milli ruhu, bəşəri düşüncəsi bu proza nümunəsini oxuculara sevdirəcək. Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən müharibəsi və Zəfər dövrü ilə başa çatır. Obrazların yaşantıları, həyat mübarizəsi, sevgi hissləri olduqca təbii lövhələrlə təsvir edilir. Romanda açar simvolikası bir çox mətləblərə açar olaraq metafizik məna daşıyır. 

Sonda çıxış edən müəllif təqdimatın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitabı oxucular üçün imzalayıb.