28 aprel Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan verilən məlumata görə, virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər kitabxananın saytındakı müvafiq linkdən istifadə edə bilərlər.

***

Respublika Gənclər Kitabxanası isə akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolundan və dəyərli elmi fəaliyyətindən bəhs edən biblioqrafik icmal və videomaterial hazırlayıb.

Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda bir sıra rəsmi sənədlərin “Azərbaycanda oftalmologiya elminin inkişafında və oftalmoloji xidmətin təşkilində akademik Zərifə Əliyevanın rolu” adlı məqalənin tam mətni təqdim edilir. Bundan əlavə materialda Zərifə xanımın həyat və fəaliyyəti, müəllifi olduğu Azərbaycan, ingilis və rus dillərində çap edilən əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar öz əksini tapır. İcmalda 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, kitabın yerləşdirildiyi linklər təqdim edilir. Hazırlanan material kitabxananın saytında yerləşdirilib.

Videomaterialda akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələr, layiq görüldüyü mükafat və fəxri adlar haqqında geniş məlumat təqdim edilir. Videomaterialda Zərifə xanım Əliyevanın foto və videoarxivindən görüntülər də sərgilənir.

“Akademik Zərifə xanım Əliyeva – 102” adlı material da kitabxananın saytında yerləşdirilib.