Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib.

BMM-dən bildirilib ki, Azərbaycan muğam sənətinin təbliği, milli musiqi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyan layihə çərçivəsində sənətsevərlərə zəngin konsert proqramı təqdim olunub.

Konsertdə Əməkdar artistlər Elnur Zeynalov və Sevinc Sariyeva, solistlər Elgiz Əliyev, Könül Xəlilzadə, Hüseyn Məlikov, Zümrüd Məmmədova çıxış ediblər.

Xanəndələri Rəşad İbrahimov (tar), Elnur Məmmədov (kamança), Məhta Məhəmmədəlizadə (qanun), Hüseyn Ələkbərli (balaban), Amil Mustafayev (nağara) və Vasif Yusublu (ud) müşayiət edib.

Proqramda “Segah”, “Dəşti”, “Rast”, “Dilkəş”, “Çahargah” və “Şur” təsnifləri səslənib.

Muğamın özünəməxsus ifaçılıq ənənələrinin nümayiş olunduğu konsertdə xanəndə və instrumental ifaçıların həmahəng çıxışı Azərbaycan milli musiqisinin zənginliyini və bədii-estetik xüsusiyyətlərini bir daha nümayiş etdirib.

BMM-nin ənənəvi layihələrdən olan “Muğamat axşamı” bu mövsümdə də muğam sənətinin təbliği istiqamətində silsilə konsert proqramları ilə avam edəcək.