Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 37-ci ildönümü və yeni mövsümün açılışı münasibətilə tədbir keçirilib.

Teatrdan verilən məlumata görə, tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, media təmsilçiləri, teatrsevərlər iştirak ediblər.

Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək sənət ocağının 37 illik fəaliyyət yolundan, yaradıcılıq nailiyyətlərindən danışıb. Bildirib ki, 1989-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Kukla Teatrı ötən dövrdə muxtar respublikanın mədəni həyatında özünəməxsus yer tutub. Teatr uşaqların estetik zövqünün formalaşmasına, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə mühüm töhfələr verib.

Səyyad Məmmədov qeyd edib ki, teatrın yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzulara müraciət olunub, uşaqların marağına səbəb olan çoxsaylı tamaşalar hazırlanaraq nümayiş etdirilib. Direktor yeni mövsümdə də tamaşaçılara maraqlı və rəngarəng səhnə əsərlərinin təqdim olunmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Şamil İbrahimov çıxışında teatrın Naxçıvan şəhərinin mədəni həyatındakı rolundan və 37 il ərzində qazandığı uğurlardan söz açıb, kollektivə yeni mövsümdə yaradıcılıq uğurları arzulayıb.

Bədii hissədə teatrın artistləri tədbir iştirakçılarını rəqs və musiqi ilə salamlayıblar.

Sonra Naxçıvan Dövlət Kukla Teatrının repertuarından “Özgəyə quyu qazan” tamaşası göstərilib.

Yaxşılıq və pislik, ədalət və dürüstlük kimi dəyərlərin sadə və maraqlı süjet xətti ilə təqdim olunduğu səhnə əsəri maraqla qarşılanıb.

Növbəti mövsümün açılışını əlamətdar ildönümü ilə qeyd edən Naxçıvan Dövlət Kukla Teatrının repertuarı mövsüm boyu yeni səhnə əsərləri ilə zənginləşəcək.