Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 14-də Bakıda səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya  İdarəsi (İletişim Başkanlığı) rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi heyətlə görüşüb.

Anadolu Agentliyinin məlumatına görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri zəminində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “İki dövlət, bir millət” şüarı və Şuşa Bəyannaməsi (2021) ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün də iştirak edib. 

***

Sentyabrın 14-də Media və Yayım Şurasında da Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Media və Yayım Şurasının sədri Əhməd İsmayılov görüşdə Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müavini Ferhat Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşma imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.