31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilir. "ŞƏT +" formatlı zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub. Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, Belarus, İran təşkilatın tamhüquqlu üzvləridir. Bir sıra ölkələr təşkilatda müşahidəçi statusuna, habelə dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycan 2016-cı ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda fəal əməkdaşıq edir.

***

Müasir dünyada dövlətlərin beynəlxalq çəkisi yalnız ərazi, əhali və iqtisadiyyatının miqyası ilə müəyyənləşmir. Ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. 

Azərbaycan məhz belə strateji mövqeyə malik dövlətlərdəndir. Ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur.

Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Bu siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən siyasətin mühüm nəticələrindən biridir.

Son illərdə Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir.

***

2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT-in əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-in təxminən 23,1 faizinə bərabərdir.

Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib. Təşkilatın 10 tamhüquqlu üzvündən əlavə, 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var.

ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. ŞƏT-in dialoq tərəfdaşı statusu Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib.

Təşkilatın hüquqi əsasını 2002-ci ildə imzalanmış ŞƏT Xartiyası təşkil edir. Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək kimi prinsiplər təsbit olunub. ŞƏT vahid siyasi və ya hərbi blok deyil. Onun daxilində fərqli siyasi sistemlərə, xarici siyasət prioritetlərinə və iqtisadi maraqlara malik dövlətlər təmsil olunur. Buna baxmayaraq, həmin dövlətlər ortaq maraq kəsb edən məsələlər üzrə eyni platformada əməkdaşlıq edirlər.

ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası təşkilatın gələcək istiqamətlərini də müəyyənləşdirir. Sənəddə təhlükəsizliklə yanaşı, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet kimi göstərilir. Bu baxımdan ŞƏT-i yalnız təhlükəsizlik təşkilatı kimi təqdim etmək düzgün olmazdı. Onun fəaliyyəti siyasi-diplomatik dialoqdan iqtisadiyyata, enerjidən nəqliyyata, elmdən təhsilə qədər geniş sahələri əhatə edir.

***

ŞƏT-in əsas gücünü onun demoqrafik və iqtisadi miqyası müəyyənləşdirir. Təşkilat məkanında Çin və Hindistan kimi dünyanın ən böyük əhali və istehlak mərkəzləri yerləşir. Rusiya, Pakistan və İran da böyük əhali və geniş daxili bazarlara malikdir. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya iqtisadiyyatlarının sürətli inkişafı da bu mənzərəni tamamlayır.

Azərbaycan üçün bu məkan həm mövcud ticarət əlaqələri, həm də nəqliyyat, logistika, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin ölkəmizin əsas üstünlüyü ŞƏT üzvləri ilə iqtisadi miqyas baxımından rəqabət aparmasında deyil, həmin nəhəng iqtisadi məkanı daha geniş Avrasiya bazarları ilə birləşdirə bilməsindədir.

Müasir dünyada enerji ehtiyatlarının mövcudluğu qədər onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla istehlak bazarlarına çatdırılması da strateji əhəmiyyət daşıyır. Azərbaycanın üstünlüyü məhz bu mərhələdə daha aydın görünür. Ölkəmiz ŞƏT-in ən böyük enerji istehsalçısı deyil. Lakin Azərbaycan enerjinin istehsal olunduğu bölgələrlə istehlak bazarları arasında bağlantı yaradan mühüm dövlətlərdən biridir. Cənub Qaz Dəhlizi bunun ən aydın nümunəsidir. Təxminən 3500 kilometr uzunluğunda olan bu enerji sistemi Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə bu dəhliz vasitəsilə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr də Azərbaycanın enerji infrastrukturunun müxtəlif regionları birləşdirmək imkanlarını nümayiş etdirir. Hazırda inkişaf etdirilən Zəngəzur dəhlizi (TRIPP) isə bu bağlantı imkanlarını daha da genişləndirə bilər.

Eyni məntiq nəqliyyat sahəsində də özünü göstərir. ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. 

***

Məhz burada Azərbaycan-ŞƏT münasibətlərinin əsas məntiqi ortaya çıxır. Əsas üstünlük Azərbaycanın yerləşdiyi coğrafiyadır. ŞƏT-in şərqində Çin, Hindistan və Pakistan, şimalında Rusiya, cənubunda İran, mərkəzində isə Mərkəzi Asiya yerləşir. Azərbaycan Xəzərin qərb sahilində, bu nəhəng məkanın mühüm hissəsini Türkiyə və Avropa ilə əlaqələndirən yolların üzərində yerləşir. Bir tərəfdə Çin və Mərkəzi Asiyanın nəhəng istehsal və istehlak bazarları, digər tərəfdə Avropa var. Digər istiqamətlərdə Rusiya, İran və Hindistan yerləşir. Bu geoiqtisadi xətlərin kəsişməsində Azərbaycan ŞƏT məkanı ilə Qərb arasında mühüm bağlantı rolunu oynaya bilər.

Ölkəmizin çoxtərəfli diplomatiya təcrübəsi də bu mövqeyi tamamlayır. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi, COP29-a və Dünya Şəhərsalma Forumuna ev sahibliyi, D-8-ə üzvlüyü, 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə Zirvə toplantısının keçirilməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalarda fəal rolunu göstərir. Azərbaycanın 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və bu il Bakıda AQEM Zirvə toplantısının keçirilməsinin planlaşdırılması da ölkəmizin çoxtərəfli diplomatiya imkanlarını genişləndirir.

Son illərdə Azərbaycan-ŞƏT münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə Çin amili xüsusi əhəmiyyət daşıyır. 2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsi səylərini alqışlayıb və ölkəmizin təşkilatda hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib.

Çinin ŞƏT-in aparıcı dövlətlərindən biri olması və Azərbaycanla strateji tərəfdaşlığının inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Azərbaycanın ŞƏT-lə siyasi təmaslarının intensivləşməsi Prezident İlham Əliyevin təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirakı ilə də özünü göstərir. Dövlətimizin başçısı 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT Sammitində fəxri qonaq qismində iştirak edib, 2024-cü ildə Qazaxıstanda keçirilən sammitdə çıxış edib, 2025-ci ildə isə Çinin Tiencin şəhərində təşkilatın tədbirlərinə qatılıb.

Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi də ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi, Çində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. 

***

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır.

Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir.

***

2024-cü il iyulun 12-də Belarus Respublikasında "Slavyan Bazarı Vitebskdə" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbirdə iştirak edib.

2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan Adil Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.

“Biz ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu yüksək qiymətləndirir və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Məqsədimiz təkcə əlaqələri gücləndirmək deyil, həm də davamlı inkişafı dəstəkləmək üçün mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.

***

Azərbaycanın təşkilatla tərəfdaşlığının institusional baxımdan inkişafında 2025-ci ildə Tiencin Sammitində qəbul edilən qərar da mühüm mərhələ olub. Müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi təşkilat daxilində əməkdaşlıq mexanizmlərinin yenilənməsinə şərait yaradıb və Azərbaycan da yeni tərəfdaşlıq formatına daxil olub.

2026-cı ildə ŞƏT-in yaradılmasının 25-ci ildönümünün qeyd olunması təşkilatın inkişafında yeni mərhələyə diqqəti artırıb. Qırğızıstanın sədrliyi dövründə “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı ilə zirvə toplantısının keçirilməsi təşkilatın gələcək gündəliyinin aktuallığını göstərir.