Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 2026-cı ilin yanvar-iyul ayları ərzində 104 min 929 turist ziyarət edib. Onlardan 12 min 145 nəfəri yerli, 92 min 784 nəfəri əcnəbi vətəndaşlardır.

Qoruqda olan xarici turistlər arasında Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, İsrail, Çin, Qazaxıstan, Almaniya və Əlcəzair vətəndaşları üstünlük təşkil ediblər.

Dövlət Turizm Agentliyindən bildirilib ki, cari ilin yeddi ayı ərzində “Yanardağ” qoruğunu ödənişsiz ziyarət edənlərin sayı isə 8 min 241 nəfər olub.

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhid ailəsinin birinci dərəcəli üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.