Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi "Aydəmir Entertainment" şirkəti ilə "Çar skiflər – İşquz dövləti" tammetrajlı bədii-sənədli film layihəsi üzrə yeni müqavilə bağlayıb.
Müqavilə filmin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub. Müqavilənin məbləği 200 600 manatdır.
Kino Agentliyi bu ilin əvvəlində "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalı üçün "Aydəmir Entertainment" şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlamışdı.
"Aydəmir Entertainment" şirkəti 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
"Çar skiflər: Aşquz dövləti" filminin xronometrajı 75 dəqiqə nəzərdə tutulub. Layihənin ideya müəllifi və ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənli, layihə rəhbəri və baş prodüseri Azər Aydəmir, icraçı prodüseri Ülviyyə Könüldür.
Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, quruluşçu rəssamı Vüqar Qurbanov, ikinci rejissoru Müşfiq Mirzə, xətt prodüserləri Tofiq Musayev və Anar Əmirov, baş redaktoru Etibar Məmmədov, səs rejissoru Morteza Nacafli, geyim rəssamı Ləman Süleymanlı, qrafik dizayneri Rövşən Abıyev, qrim rəssamı Adilə Alıyevadır.
Film qədim İşquz (skif) dünyasının formalaşmasını, tayfaların birləşərək dövlətə çevrilmə yolunu və bu prosesdə verdikləri mübarizəni ekrana gətirəcək. Süjet xətti sərkərdə İşpakayın ölümündən sonra yaranan parçalanma fonunda Bartatua adlı yeni liderin yüksəlişi və tayfaları bir araya gətirməsi üzərində qurulub.
Qeyd edək ki, İşquz (Sak, Skif) dövləti e.ə. VII–IV əsrlərdə Azərbaycan ərazisində, xüsusilə Mannadan şimalda mövcud olmuş qədim çarlıq olub. Skif tayfalarının birləşməsi ilə yaranan bu çarlıq bölgənin tarixində mühüm rol oynayıb.
***
Onu da əlavə edək ki, bu il Azərbaycanda İşquz (Skif) tarixi ilə bağlı daha bir ekran əsəri – “Akınak. İşquz qılıncı” filmi istehsal olunub.
Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə “Narimanfilm” tərəfindən çəkilən filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.
Filmin premyerası aprelin 15-də Heydər Əliyev Mərkəzində keçirilib.





















