Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində – qədim Qəbələ şəhər yerində aparılan arxeoloji tədqiqatlar, eləcə də Qəbələnin UNESCO-nun Dünya İrs Siyahısına namizədliyi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov Qoruq ərazisində mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib.
Tarix elmləri doktoru, professor Qafar Cəbiyev Qəbələ arxeoloji ekspedisiyasının cari ildəki fəaliyyəti, qarşıya qoyulan başlıca hədəflər və gözlənilən elmi nəticələr haqqında danışıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji qalıqların konservasiyasının zəruriliyi, bu istiqamətdə mövcud perspektivlər və nəzərdə tutulan fəaliyyət planı ilə bağlı mülahizələrini bildirib.
Tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova qədim Qəbələ şəhər yerinin Qala hissəsində aparılan arxeoloji tədqiqatlarda aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin sənədləşdirilməsi və elmi qeydiyyatının aparılması barədə məlumat verib.
Müzakirələr zamanı SEBA təşkilatının Qəbələdə tarixi-mədəni irsin tədqiqi, mühafizəsi, konservasiyası və təbliği istiqamətində həyata keçirilən işlərə göstərdiyi hərtərəfli dəstək minnətdarlıqla qeyd olunub.





















