İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qarşılıqlı turist axınının dinamikasını artırmaq üçün nəqliyyat baxımından əlçatanlığın artırılmasının vacibliyi haqqında fikir mübadiləsi aparılıb. Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi vurğulanaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı olaraq tanıdılması məqsədilə ikitərəfli tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.