Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə dəstəyi ilə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli "Qədim Şabran" arxeoloji abidəsində "Çıraqqala–Şabran: tarixin izində" arxeoloji yay məktəbi başlanıb.
Bu barədə "Çıraqqala–Şabran" qoruğundan məlumat verilib.
Layihənin əsas məqsədi ölkəmizin zəngin arxeoloji irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində gənclərin elmi fəaliyyətə cəlb edilməsi, onlara sahə təcrübəsinin qazandırılması və "Qədim Şabran" kimi dünya əhəmiyyətli abidələrin tədqiqinə töhfə verməkdir.
Layihə çərçivəsində qədim şəhər yerində arxeoloji qazıntı işləri başlanıb.
Açılış tədbiri zamanı qoruğun əməkdaşları ilə Arxeologiya və Antropologiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov və ekspedisiya üzvləri arasında görüş keçirilib.
Görüş zamanı "Qədim Şabran" abidəsinin tarixi əhəmiyyəti, aparılacaq arxeoloji tədqiqatların məqsədi, eləcə də yay məktəbinin gənc tədqiqatçıların nəzəri və praktiki biliklərinin artırılmasında rolu barədə müzakirələr aparılıb.
























