Bakıda keçirilən Türk Dünyası Həftəsi çərçivəsində Qazaxıstanın tanınmış opera müğənnisi, Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının aparıcı solisti Zarina Altınbayeva və onu müşayiət edən qonaqlar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Yeganə Axundova ilə birlikdə Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində olublar.

Muzeydən bildirilib ki, qonaqlar ekspozisiya, Rostropoviçlər ailəsinin həyatı və yaradıcılığı ilə yaxından tanış olublar. Onlar muzeydən xoş təəssüratla ayrılaraq buradakı səmimi münasibəti yüksək qiymətləndiriblər.

Zarina Altınbayevaya Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ingilis dilində ərsəyə gələn “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərlərindən ibarət toplu” təqdim olunub.