Gəncə-Qazax bölgəsi zəngin tarixi, arxeoloji və memarlıq irsi ilə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab olunur.  Bölgədə yerləşən abidələrdə aparılan elmi tədqiqatlar ölkənin qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

İyunun 29-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Tavatəpə yaşayış məskəninə səfər ediblər. Əməkdaşlar ərazidə aparılan arxeoloji qazıntı və elmi tədqiqat işləri ilə yaxından tanış olublar.

Bu barədə “Keşikçidağ" qoruğundan məlumat verilib.

Artıq üç ildir ki, Tavatəpə yaşayış məskənində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə İtaliyanın Kataniya Universitetinin birgə əməkdaşlığı çərçivəsində sistemli arxeoloji tədqiqatlar həyata keçirilir. Layihəyə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov rəhbərlik edir.

Ekspedisiyanın tərkibində institutun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, Yeni tikinti sahələrinin arxeologiyası şöbəsinin əməkdaşları Həsən Əlizadə və Aqil Əliyev, həmçinin İtaliyanın Roma Sapienza Universiteti və CAMNES – Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzinin tədqiqatçıları Alice Mendola, Roberta Sanna, Aurora Borgesi, Emanuela Scalisi, Dario Ciacera Macauda və Giulia La Causa iştirak edirlər.

Qazıntılara rəhbərlik edən mütəxəssislər bildiriblər ki, Tavatəpə yaşayış məskəni Son Tunc – Erkən Dəmir dövrünə aid regionun mühüm arxeoloji abidələrindən biridir. Aparılan tədqiqatlar zamanı yaşayış yerinin plan quruluşu, təsərrüfat fəaliyyəti, maddi-mədəniyyət nümunələri və qədim sakinlərin həyat tərzi haqqında dəyərli məlumatlar əldə edilir.

Tədqiqatlar zamanı yaşayış məskənində qədim sakinlərin dini inanclarını və ayin ənənələrini əks etdirən xüsusi təyinatlı qurbangah kompleksləri də aşkar edilib. Bu qurbangahlarda yüzlərlə kiçik saxsı qab və onların hissələri, digərində isə iri həcmli təsərrüfat küpləri üzə çıxarılıb. Xüsusilə küplərin içərisində qurban mərasimlərində istifadə edildiyi ehtimal olunan heyvan sümüklərinin aşkar edilməsi Tavatəpədə dini-ritual xarakterli mərasimlərin keçirildiyini göstərən mühüm arxeoloji sübutlardan biri hesab olunur. Bu unikal tapıntılar Son Tunc – Erkən Dəmir dövrü icmalarının dini dünyagörüşü, ayin ənənələri, qurbanvermə mərasimləri və mənəvi-mədəni həyatının öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.

Səfər zamanı qoruq əməkdaşlarına aparılan qazıntıların nəticələri, aşkar edilmiş maddi-mədəniyyət nümunələri və onların elmi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, əldə olunan tapıntılar bölgənin qədim məskunlaşma tarixinin, sosial-iqtisadi münasibətlərinin və mədəni inkişaf mərhələlərinin öyrənilməsi üçün mühüm elmi mənbə rolunu oynayır.

Tavatəpədə aparılan arxeoloji araşdırmalar Azərbaycanın qədim tarixinin öyrənilməsinə, milli mədəni irsin qorunmasına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.