Əfsanəvi 1715-ci il istehsalı olan Quarneri skripkasında ən mürəkkəb əsərləri ifa edən gənc virtuoz skripka ifaçısı – o, səhnəyə çıxanda tamaşaçılar həyacanla donub qalırlar...

Elvin Hoca Qəniyev Azərbaycanın Əməkdar artisti və çoxsaylı beynəlxalq müsabiqələrin laureatıdır. O, görkəmli skripka ifaçısı, Xalq artisti, professor Sərvər Qəniyevin nəvəsidir. Vladimir Spivakov, Yuri Başmet, Plasido Dominqo, Jül van Hessen, Devid Bernard, Dmitri Liss və başqaları da daxil olmaqla bir çox tanınmış dirijorlarla əməkdaşlıq edib. Dünyanın ən böyük konsert məkanlarında çıxış edərək Azərbaycanı uğurla təmsil edib. Onun skripkasının özünəməxsus səsi Amerika Birləşmiş Ştatlarından, Avropadan, Asiyadan və Afrikadan gəlir, daim tamaşaçıların heyranlığını və musiqi tənqidçilərinin rəğbətini qazanır.

Elvin Hoca Qəniyevin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

– Bu yaxınlarda növbəti turnedən qayıtmısınız. Daim xarici ölkələrdə olmaq nə qədər çətindir, iş yükünün öhdəsindən necə gəlirsiniz?

– Əlbəttə ki, daimi uçuşlar və saat qurşaqlarının dəyişməsi fiziki və zehni dözüm tələb edir. Amma mən bununla demək olar ki, bütün həyatım boyu məşğulam. Hələ uşaq vaxtımda müxtəlif ölkələrdə konsertlər, müsabiqələr və ustad dərsləri keçirilirdi. Ona görə də bu ritm tədricən mənim üçün təbii hala gəldi. Bu gün bir ölkədə konsert, sabah başqa bir dövlətdə məşq - bu, artıq mənim peşəmin və həyat tərzimin bir hissəsidir.

Eyni zamanda, bəzən çətin, xüsusən də gecə və ya bir neçə təyyarə dəyişməsi ilə çox uzun uçuşlar olur. Belə hallarda məşqi gəlişdən sonrakı deyil, daha sonrakı gün üçün planlaşdırmağa çalışıram ki, kifayət qədər yatmaq, bərpa olunmaq və rahat məşq etmək üçün vaxtım olsun. Lakin təəssüf ki, konsert cədvəlim heç də həmişə bunu etməyə imkan vermir.

Yadımdadır, Fransanın paytaxtı Parisdə konsertim var idi. Qazaxıstandan Türkiyənin İstanbul şəhərində təyyarə dəyişməsi ilə gecə reysi ilə uçurdum, səhər saat 9 radələrində Parisə çatdım və birbaşa hava limanından məşqə getdim. Bu cür hallar olduqca tez-tez baş verir.

 

– Görkəmli musiqiçi olan babanız vəfat edəndə 12-13 yaşınız var idi. Ondan nələr öyrəndiniz?

– Babam, professor Sərvər Qəniyev təkcə görkəmli musiqiçi deyil, həm də heyrətamiz bir insan idi. Onun mənə öyrətdiyi ən vacib olanı musiqiyə, əməyə və insanlara hörmət idi. O, həmişə deyirdi ki, gündəlik iş, intizam və fədakarlıq olmadan istedad heç nə demək deyil.

Məhz onun sayəsində Yankeleviç və David Oystrax kimi əfsanəvi müəllimlərdən qaynaqlanan böyük rus skripka məktəbinin təməlini öyrəndim. Bu bilik və prinsiplər həyatım boyu məni müşayiət edib.

Amma bəlkə də daha vacib olan onun necə insan olması idi. Bütün titullarına, nailiyyətlərinə və beynəlxalq səviyyədə tanınmasına baxmayaraq, babam qızılürəkli insan idi. O, çox mehriban, nəcib və inanılmaz dərəcədə təvazökar idi. Bu, mənim üçün həmişə böyük həyat dərsi olub.

O, mənim üçün həm böyük insan, həm də musiqiçi kimi kumirim, idealım və nümunəm olaraq qalır. Bu gün əldə etdiyim hər şey əsasən onun mənə ötürdüyü dəyərlər və həyata münasibəti sayəsində mümkün olub.

 

– Tanınmış musiqiçilər hesab edirlər ki, siz görkəmli babanızdan daha çox uğura, bacarığa, şöhrətə və şəxsi inkişaf səviyyəsinə nail olmusunuz, adınız dünyanın ən yaxşı skripka ifaçıları ilə bir sırada çəkilir…

- Bu cür sözləri eşitmək mənim üçün çox xoşdur, amma özümü heç vaxt babamla müqayisə etməyə çalışmamışam. O, əfsanəvi şəxsiyyət və müasir Azərbaycan skripka məktəbinin qurucularından biri olub.

Uğurun sirri haqqında danışırıqsa, heç bir sirr yoxdur. Musiqiyə sevgi, çox böyük zəhmət, düzgün müəllimlər və daim inkişaf etmək istəyi var.

Müəllimlərimlə bağlı çox şanslıyam. Təhsilimə babamın yaratdığı rus məktəbi əsasında başladım, daha sonra 14 ildən çox dünyanın dahi skripka müəllimlərindən biri olan professor Zaxar Brondan dərs almışam. O, məni 8 yaşından 22 yaşına qədər musiqiçi və sənətçi kimi formalaşdırıb.

Lakin hesab edirəm ki, musiqidə uğur, ilk növbədə, öz üzərində daimi işdir. Əldə etdiyin nailiyyətlərdən asılı olmayaraq, həmişə daha yaxşı olmağa, musiqini daha dərindən dərk etməyə, özün üçün yeni nəsə kəşf etməyə və heç vaxt inkişafdan qalmamağa çalışmaq lazımdır.

Musiqi elə bir yoldur ki, orada “Mən artıq hər şeyə nail olmuşam” demək mümkün deyil. Əsl sənətkar həyatı boyu öyrənməyə, axtarmağa və təkmilləşməyə davam edir. Bəlkə də, məhz bu istək - hər gün daha yaxşı olmaq - irəliyə hərəkət etməyə kömək edir.

 

– 20 yaşında (2018-ci il – red.) Əməkdar artist adını qazandınız. Azərbaycan tarixində ən gənc Əməkdar artist olmaq sizin üçün nə deməkdir?

 Bu, mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mən bu ada son nailiyyət kimi deyil, daha çox çalışmaq, musiqiçi və sənətkar kimi daim təkmilləşmək üçün stimul kimi baxıram.

Bu yüksək qiymətin Vətənimdə verilməsi xüsusilə dəyərlidir. Azərbaycan tarixində ən gənc Əməkdar artist olduğumu dərk etmək məndə böyük minnətdarlıq və məsuliyyət hissi oyadır. Bu, dövlətin etimadıdır, sən onu hər gün əməyin, çıxışların və ölkəni beynəlxalq səhnədə necə təmsil etməyinlə doğrultmalısan.

Buna görə də mən bu ada böyük hörmətlə yanaşıram. Eyni zamanda, onu inkişafa davam, Azərbaycanı dünyada layiqincə təmsil etmək və musiqi mədəniyyətimizin inkişafına töhfə vermək üçün motivasiya kimi görürəm.