Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi (RMİ) və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşəbbüsü ilə veteran mədəniyyət işçisi Lətif Zərbəliyevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Salyan Dövlət Kukla Teatrında düzənlənən tədbirdə kinorejissor Kürçaylı Artın "Taleyim mədəniyyət" adlı sənədli filmi nümayiş olunub.

Şirvan-Salyan RMİ-dən verilən məlumata görə, film ömrünün 47 ilini Azərbaycan mədəniyyətinə həsr edən Lətif Zərbəliyevin həyat və fəaliyyətindən bəhs edir.

Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan RMİ-nin mədəniyyət müəssisələri üzrə sektor müdiri Emin Mustafayev, kinorejissor Kürçaylı Art, rejissor, aktyor Saqif İsgəndərov, aktyor Zöhrəli Əliyev, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov, şair-publisist Zabil Pərviz, publisist Təyyar Nəsirli və başqaları çıxış edərək, L.Zərbəliyevin həyat yolundan danışıblar.

Qeyd olunub ki, Neftçalanın Şorkənd kəndində doğulan yubilyarın həyat yolu sonradan Salyanın Babazanlı qəsəbəsində davam edib. Bakı Mədəni-Maarif Texnikumunu və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən L.Zərbəliyev Salyana qayıdaraq mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışıb. O, həmçinin müxtəlif xalq teatrları və dərnəklərdə aktyor kimi yaddaqalan obrazlar yaradıb.

Tədbirdə yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Ə.Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan şəhər Q.Əsgərov adına Uşaq incəsənət məktəbi mahnı çələngi ilə yubilyara təbriklərini çatdırıblar.