Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi, İqtisadiyyat və Davamlı İnkişaf Komissiyasının sədri akademik Anastas Angjeli, Xarici əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elda Zotaj iyunun 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Bu barədə institutdan məlumat verilib.
Nümayəndə heyətini AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva müşayiət ediblər.
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli qonaqları qəbul edib. Görüşdə institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli, rəqəmsal inkişaf üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova və beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova iştirak ediblər.
Görüşdə institutun əsas fəaliyyət istiqamətləri, burada qorunan əlyazmalar, onların tətbiqinə dair görülən işlər barədə söhbət açılıb.
Akademik Teymur Kərimli “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscə nəşrini qonaqlara hədiyyə edib.
Nümayəndə heyətinə institutun ekspozisiya zalında sərgilənən qədim əlyazma nümunələri, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib.
Albaniyalı qonaqlar Əlyazmalar İnstitutunun Elektron resurslar, Fondların elmi uçotu və mühafizəsi şöbələrinin, Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının işi ilə də tanış olublar.























