İyunun 22-də görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun 115 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı olub.

Bu barədə kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə diqqətə çatdırıb ki, nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də onun haqqında aparılmış tədqiqatlar və müxtəlif mənbələrdə dərc olunmuş materiallar əhatə olunub. "Kitab Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın həyat və yaradıcılıq irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb”,- deyə K.Tahirov əlavə edib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə verib. Görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən təqdim olunan biblioqrafik nəşr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər ərzində göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.

Sənətkarın oğlu Xalq artisti Eldar Mansurov nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanasında tərtib edilən “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, onun haqqında yazılmış materiallar, arxiv materialları, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan mənbələr sistemli şəkildə toplanıb.