Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verib.
Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşüblər. Prezidentlər yolüstü Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar.
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar. Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.
Azərbaycan və Türkmənistan dövlət başçıları Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məsciddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
Dövlət başçıları Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar.
Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib. Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərar əsasında ev-muzeyinə çevrilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb. Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.
***
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada birgə nahar ediblər.
İyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağı Prezident İlham Əliyev yola salıb.





























