İyunun 10-da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin və 4 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin (1986–2020) xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı ədəbi-bədii gecə keçirilib.
Bu barədə Şəki-Zaqatala RMİ məlumat yayıb.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, şəhid ailələri, təhsil və mədəniyyət işçiləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasımnın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Məmmədiyə Cabbarzadə haqqında videoçarx nümayiş olunub.
Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Çıxışlarda Məmmədiyə Cabbarzadənin Vətən, torpaq sevgisindən, qəhrəmanlığından bəhs edilib.
Qeyd edək ki, Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində doğulub. Azərbaycan Ordusunun giziri Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsinin ilk günü Füzuli rayonu ərazisində döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.























