Abdulla Şaiqin Mənzil-Muzeyində "Ustadların irsi – varislərin səsi" adlı tədbir keçirilib.
Tədbir Abdulla Şaiqin mənzil-muzeyi, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının ev-muzeylərinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Mənzil-muzeyin elmi işçisi Fəridə Məmmədova iştirakçıları salamlayaraq açaraq bildirib ki, Abdulla Şaiq ocağı uzun illərdir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunmuş tədbirlərə ev sahibliyi edir və bu ənənənin davam etdirilməsi böyük əhəmiyyət daşıyır.
Muzeyin direktoru, böyük pedaqoq və şair Abdulla Şaiqin varisi Ülkər Talıbzadə çıxışında Əliqulu Qəmküsar, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi sənətkarların öz dövrlərinin qabaqcıl ziyalıları olduğunu, maarifçilik ideyalarının yayılmasına xidmət etdiklərini vurğulayıb. Bildirib ki, onların qələmi xalqın tərəqqisi uğrunda mübarizə aparan bir silah olub.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru Yeganə Məmmədova bu böyük sənətkarları bir araya gətirən əsas amillərdən birinin "Molla Nəsrəddin" jurnalı olduğunu deyib. Bildirib ki, "Molla Nəsrəddin" jurnalının o dövrdə apardığı ideoloji mübarizə zəminində Abdulla Şaiqin də yandırdığı maarifçilik işığı cəmiyyətin oyanışına, insanların maariflənməsinə xidmət edib.
Digər çıxış edənlər də Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmətlər göstərmiş sənətkarların xatirəsinin yaşadılmasının əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, Azərbaycan ədəbiyyatı bütün dövrlərdə zəngin ənənələrə malik olub, xüsusilə "Molla Nəsrəddin" ədəbi məktəbi milli oyanış prosesində mühüm rol oynayıb.























