“Min bir gecə” nağıllar toplusunun ən məşhur nümunələrindən olan “Əlibaba və qırx quldur” maraqlı süjeti və ibrətamiz məzmunu ilə indiyədək bir çox film və səhnə əsərlərinə mövzu olub.

Bu dəfə isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Musiqili uşaq teatrı” studiyasının təqdimatında həmin nağıl əsasında hazırlanan “Sehrli mağaranın sirri” tamaşası nümayiş olunub.

Tamaşa rəngarəng səhnə həlli, maraqlı obrazları və dinamik hadisələr xətti ilə izləyicilərə unudulmaz anlar yaşadıb. Balaca teatrsevərlər və onların valideynləri tərəfindən maraqla qarşılanan səhnə əsəri dostluq, dürüstlük, cəsarət və Xeyirin Şər üzərində qələbəsi kimi dəyərləri özündə əks etdirib.

Balaca aktyorlar il ərzində teatr studiyasında qazandıqları səhnə bacarıqlarını nümayiş etdirərək obrazları uğurla canlandırıblar. Tamaşa yalnız maraqlı macəralarla deyil, həm də mənəvi dəyərləri təbliğ edən məzmunu ilə diqqət çəkib.

Qeyd edək ki, 10 ildən çoxdur fəaliyyət göstərən teatr studiyası uğurlu səhnə işləri və istedadlı yetirmələri ilə tamaşaçıların rəğbətini qazanaraq Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ən fəal yaradıcılıq kollektivlərindən birinə çevrilib.

“Sehrli mağaranın sirri” tamaşanın quruluşçu rejissoru Nəsimi Əliyev qeyd edib ki, uşaqlar tamaşanın hazırlanması prosesində böyük həvəs və məsuliyyət nümayiş etdiriblər. Bildirib ki, səhnədə əldə olunan uğurlu nəticə balaca aktyorların zəhmətinin, yaradıcılıq enerjisinin və kollektiv əməyin bəhrəsidir.

Tamaşada həmçinin Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivləri (xoreoqraflar Nigar Zeynalova, Günel Təhməzova və Nuranə Qənbərova) və “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) iştirak edib.

Tamaşaçılar gənc aktyorların çıxışlarını gur alqışlarla qarşılayaraq onların əməyini yüksək qiymətləndiriblər.