Bakıda keçirilən (17-22 may) Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, sahə üzrə tanınmış ekspertlər iştirak edirlər.

Mayın 18-də Mədəniyyət Nazirliyində WUF13-in iştirakçısı olan UNESCO-nun Dünya İrs Mərkəzinin (World Heritage Centre) direktoru Lazare Eloundou Assomo ilə görüş keçirilib.

Mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov və Səadət Yusifovanın qonaqla söhbəti zamanı WUF13 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycanda, xüsusilə də onun işğaldan azad olunan ərazilərində müasir şəhərsalmanın uğurlu həllərindən geniş istifadə edilir.

Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib, Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə Dünya İrs Mərkəzi arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.