Qobustan Milli Tarix-Bədii Qoruğu, Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya tədris-tədqiqat mərkəzi və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Arxeoloji irs və muzeylər” mövzusunda silsilə elmi tədbirlər keçirilib.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan tədbirlərin ilk mərhələsi BDU-nun Tarix fakültəsində elmi seminarla başlanıb.

Arxeologiya tədris-tədqiqat mərkəzinin elmi işçisi Məhruzə Yusifli arxeoloji irsin öyrənilməsində multidisiplinar və müasir metodların rolundan bəhs edib. Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov belə elmi tədbirlərin tələbələrin tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. 

Seminar çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları tərəfindən müxtəlif mövzularda elmi məruzələr təqdim olunub.

Silsilə tədbirlərin növbəti mərhələsi Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunub. 

Qoruğun direktoru Vüqar İsayev iştirakçıları salamlayraq birgə təşəbbüslərin gənclərin mədəni irsə marağının artırılmasında və elmi əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.

BDU Arxeologiya tədris-tədqiqat mərkəzinin direktoru Aslan Qasımov tələbələrin nəzəri biliklərini real arxeoloji mühitdə tətbiq etmələrinin onların peşəkar hazırlığı baxımından əhəmiyyətini qeyd edib.

Elmi sessiyada aktual mövzular üzrə təqdimatlar dinlənilib.

Tədbirin praktiki hissəsində tələbələr Qobustan qoruğunun muzeyi ilə tanış olaraq arxeoloji materialların sənədləşdirilməsi, qorunması və nümayiş etdirilməsi prosesi barədə əyani məlumat əldə ediblər. Böyükdaş dağının yuxarı səki hissəsinə təşkil olunan sahə ekskursiyası zamanı tələbələr qayaüstü təsvirləri və qədim yaşayış izlərini təbii tarixi landşaft daxilində müşahidə etmək imkanı qazanıblar.

Sonda BDU ilə Qobustan qoruğu arasında gələcək elmi əməkdaşlıq, tələbə təcrübə proqramları, seminarlar və multidisiplinar arxeoloji layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.