AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanaçısı Firuzə Həmidova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən “Biliyin gələcəyi və innovasiyalar” adlı ixtisasartırma təlimlərində iştirak edib.
İnstitutdan bildirilib ki, iki həftə davam edən təlimlərdə iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik məşğələlər və interaktiv müzakirələrdə iştirak edib, kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair bir sıra vacib bilikləri mənimsəyiblər.
F.Həmidova təlim proqramını uğurla başa vurduğu üçün sertifikatla təltif olunub. Sertifikatı MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edib.
***
Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Kərimova I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Tarix və müasir çağırışlar – 100 illik yolun işığında” mövzusunda elmi konfransda iştirak edib.
Bu barədə institutdan məlumat verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və universitet nəzdində Humanitar Kollecin birgə təşkilatçılığı ilə keçirilən (12 may) konfransda L.Kərimovanın “Birinci Türkoloji Qurultay: perspektivlər və nəticələr” mövzusunda məruzəsində qurultayın türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında rolunu diqqətə çatdırıb, iştirakçıların suallarını cavablandırıb.
Konfransda 1926-cı il I Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasındakı tarixi rolu, latın qrafikalı əlifbaya keçid prosesinin tarixi təcrübəsi və müasir türk dünyasında vahid yazı standartlarının təbliği, türk dilləri arasında elmi, texniki və humanitar sahələrdə terminoloji bazanın uyğunlaşdırılması və süni intellektin (Aİ) türk dünyasına inteqrasiyası məsələləri müzakirə olunub.





















