Xəbər verdiyimiz kimi, Bakıdakı Xətai Sənət Mərkəzində “Azərbaycanım” IX Uşaq və Gənc Art Festivalı çərçivəsində elan olunan “Azərbaycan musiqisi təsviri sənətdə” müsabiqəsinin sərgiləri təşkil edilib.

Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə ümumilikdə 1200-ə yaxın əl işi təqdim olunub. Sərgilər 13, 14, 15 may tarixlərində yaş qrupları üzrə növbəli şəkildə keçirilib.

Müsabiqəyə Azərbaycan musiqi alətləri, rəqsləri, xalq folkloru, musiqi tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illüstrasiyalar və xəyali musiqi səhnələri kimi rəsmlər qəbul olunub.

Sərgilərdən hər yaş qrupu üzrə seçilən 10 iştirakçı mayın 23-də “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Art Festivalına dəvət alacaq.

Festivalın təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu Boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi, dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.

Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq mükafatlandırılacaq.