Mədəniyyət Nazirliyinin təşəbbüsü və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xalq şairi Musa Yaqubun (1937-2021) yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

Bu barədə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsindən (RMİ) məlumat verilib.

Poeziyasında Vətən sevgisini, təbiətin saflığını və insan ruhunun incə duyğularını böyük ustalıqla əks etdirən şairin xatirəsi dərin ehtiramla yad olunub.

Əvvəlcə Musa Yaqubun həyat və yaradıcılığına həsr edilmiş sərgiyə baxış keçirilib. Sərgidə şairin müxtəlif illərdə çap olunmuş kitabları, yaradıcılığını əks etdirən materiallar, eləcə də müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretləri nümayiş etdirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Milli Məclisin deputatı Novruz Aslan, Dağlıq Şirvan RMİ-nin rəisi Şəhriyar Soltan, şair Baba Vəziroğlu, yazıçı, tərcüməçi Yaşar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, bədii qiraətçi Pünhan İsmayıllı və digər çıxış edənlər Musa Yaqub yaradıcılığının Azərbaycan ədəbiyyatındakı mühüm yerindən söz açıblar. Bildirilib ki, şairin poeziyasında dağların nəfəsi, kənd həyatının səmimiyyəti, insanın daxili aləmi və doğma torpağa bağlılıq xüsusi poetik dillə ifadə olunub.

Gecənin bədii hissəsində “Niyal” instrumental ansamblının müşayiəti ilə Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü Elman Mehdiyev, eləcə də Teymur Əziz və İsmət İsmayıllı tərəfindən şairin sözlərinə bəstələnmiş mahnılar, poeziyasından nümunələr səsləndirilib. Səslənən nəğmə və şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirin ən yaddaqalan məqamlarından biri Mədəniyyət Mərkəzinin nəzdindəki Xalq teatrının hazırladığı “Kölgə” tamaşasının nümayişi olub. Musa Yaqub yaradıcılığı əsasında hazırlanan səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda Dağlıq Şirvan RMİ-nin nümayəndəsi Nilufər Mursalıyeva çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Şairin nəvəsi Rüfət Qarazadə ailəsi adından çıxış edərək babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını ifadə edib. Bildirib ki, bu gün sadəcə xatirə gecəsi deyil, həm də böyük şairin əbədiyyət günüdür. Əsl söz adamının həyatı ölümündən sonra başlayır və şairi yaşadan da məhz onun poeziyası, oxucularının sevgisi olur. “Bu gün nəinki onun oxucuları, doğmaları və sevənləri, əslində hər kəs onu yaşadır, xatirəsini yad edir. İnanıram ki, bundan sonra da, bizdən sonrakı nəsillər də Musa Yaqub poeziyasını yaşadacaq. Onun bir nanə yarpağı kimi kövrək, saf və duyğulu şeirləri həmişə yaşayacaq”, – deyə o vurğulayıb.