2025-ci ilin sonlarında “Bakı Ağ Şəhər”də fəaliyyətə başlayan və qısa müddətdə incəsənət mühitində tanınan “D’ART Gallery” yeni layihəsini təqdim edib.

Mayın 13-də qalereyada “Sevgi və sənətlə isinən evlər” layihəsinin ilk tədbiri – 20 ildir bədii fotoqrafiya ilə məşğul olan Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisinin açılışı keçirilib.

“D’ART Gallery”nin təsisçisi və direktoru, sənətşünas Dilarə Müzəffərli qonaqları salamlayaraq bildirib ki, “Sevgi və sənətlə isinən evlər” layihəsi iki yaradıcı insanın qurduğu ailənin yalnız ortaq həyat deyil, həm də qarşılıqlı ilhamın, dəstəyin və yaradıcılığın formalaşdığı xüsusi bir məkan olduğunu göstərməyi hədəfləyir. Layihə çərçivəsində yaradıcılıq gecələri, bədii sərgilər və açıq müzakirələr keçiriləcək, hər görüş sənət və sevginin insan həyatında yaratdığı görünməz bağları araşdıracaq.

Layihənin ilk qəhrəmanı Anna İbrahimbəyova Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun (1935–2016) həyat yoldaşıdır. O, eyni zamanda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə rəhbərlik edir. Mərkəz Anna xanımın Maqsud İbrahimbəyova olan sonsuz sədaqəti, məhəbbəti və sənətə verdiyi yüksək dəyərin nəticəsi olaraq ölkənin mədəni həyatında mühüm yer tutur.

“Bir anın əbədiliyi” fotosərgisi gündəlik həyatın içində gizlənən əkslərin poetikasına həsr olunub. Ekspozisiyada su, şüşə, güzgü, metal və işıq səthlərində yaranan əkslər vasitəsilə dünyanın ikinci vizual qatının formalaşması nümayiş etdirilir. Sərgidə əks olunma yalnız fiziki görüntü kimi deyil, həm də zamanın, hisslərin və yaddaşın başqa bir müstəvidə yenidən doğuluşu kimi təqdim edilir.

Art-prodüser və tədbirin moderatoru Sofiko Dvalishvili layihənin qəhrəmanı ilə xüsusi müsahibə keçirib, eyni zamanda tədbir iştirakçıları Anna İbrahimbəyovaya suallar ünvanlayıblar.

Anna İbrahimbəyova fotoqrafiyaya baxışı, sərginin ideyası və sənətlə həyat arasındakı bağlılıq haqqında fikirlərini bölüşüb.

Tədbir zamanı həmçinin Maqsud İbrahimbəyovun yaradıcılığı, şəxsiyyəti və Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunub.

Xalq rəssamı Ömər Eldarov çıxış edərək Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, onun zəngin daxili dünyası və sənətə münasibəti haqqında danışıb. O, həmçinin Anna İbrahimbəyovanın bədii foto yaradıcılığında duyulan incə estetik baxışı xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva da Anna İbrahimbəyovanın foto əsərlərində həyatın adi anlarının xüsusi həssaslıq və estetik duyumla təqdim olunduğunu qeyd edib.

Tədbirin sonunda Anna İbrahimbəyova sərginin təşkilatçılarına, qonaqlara və onun yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu layihə onun üçün yalnız sərgi deyil, həm də xatirələrin, sevginin və sənətin insanları birləşdirən gücünün ifadəsidir.

D’ART Gallery-də “Bir anın əbədiliyi” sərgisi 14-15 may tarixlərində davam edib.