“Hans Xristian Andersen Mükafatı” münsiflər heyətinin prezidenti, naşir və nəşriyyat işi üzrə fəlsəfə doktoru Şirin Kreydeh Bakıda keçirilən V Uşaq Kitab Festivalının (13-17 may) fəxri qonağı qismində ölkəmizə gəlib.
Səfər çərçivəsində qonaq F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət edib.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonağa kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib.
Şirin Kreydeh kitabxana ilə tanışlıq zamanı Azərbaycan uşaq ədəbiyyatının inkişaf perspektivləri və bu sahədə həyata keçirilən layihələrlə də maraqlanıb.
Təqdim olunan məlumatlardan məmnun qalan Şirin Kreydeh kitabxananın fəaliyyəti və xüsusilə inklüziv layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. O, uşaqların layihələrə fəal şəkildə cəlb olunmasını da müsbət hal kimi qeyd edib.
Bununla yanaşı, Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın (International Board on Books for Young People – IBBY) Azərbaycan Milli bölməsinin fəaliyyəti ilə maraqlanan qonağa bu barədə məlumat təqdim olunub.
Şirin Kreydeh F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli bölməsinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.






















