14-15 may tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq elmi konfransı keçirilib.

NDU-dan bildirilib ki, konfrans Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik Universiteti, eləcə də Türkiyənin İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Karadeniz Texniki Universiteti,  Gümüşhane Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində gerçəkləşib.

Tədbirdən öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub. Sərgidə ağıllı günəş paneli, avtopark, təhlükəsiz piyada keçidi, ağıllı şəhər, hava çirklənmə kamerası, avtomobilin avtomatik işıq sistemi, sıfır tullantılı ekoloji şəhər, dağ yollarında təhlükəsizlik sistemi, zavod emissiyalarının azaldılması kimi 30-dan çox layihə nümayiş olunub.

NDU-nun rektoru Elbrus İsayev açılış nitqində iştirakçıları salamlayaraq qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır. Rektor İlham Əliyev tərəfindən 2025-ci il 19 mart tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, bu istiqamətdə gənclərin fundamental bilik bazasının formalaşdırılması, layihə əsaslı tədris modelinin tətbiqi və fənlərarası inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Universitetdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, ilin sonunadək İBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin öndə gedən ali təhsil ocaqlarından biri olduğunu deyib, konfransın əhəmiyyətini vurğulayıb.

Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. Bildirib ki, təhsil müəssisələrində süni intellekt əsaslı platformaların tətbiqi müəllim və tələbələr üçün yeni imkanlar yaradır, fərdiləşdirilmiş tədris modelinin formalaşdırılmasına şərait yaradır.

AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, İstanbul Universiteti – Cərrahpaşa Tibb fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın “Cənub” Universitetinin rektoru, professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özər Güleç və digər çıxış edənlər konfransı süni intellektin nəzəri və texniki aspektləri üzrə elmi fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi dəyərləndiriblər.

Konfransın birinci gününün sonunda iştirakçılara NDU adından plaket və təşəkkürnamələr təqdim olunub.

Konfrans ikinci günündə bölmə iclasları ilə işini davam etdirib. Üz-üzə və onlayn (hibrid) iştirak ilə gerçəkləşən bölmə iclaslarının proqramına ümumilikdə 34 elm-təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi daxildir. Eyni zamanda tələbə bölməsi üzrə 38 məruzə təqdim olunub.