Mayın 13-də Səməd Vurğunun Ev-Muzeyinin və Bakı şəhəri 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə "Poeziyamızın Vurğunu" adlı tədbir keçirilib.
Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirdə əvvəlcə şairin həyat və yaradıcılığından söz açılıb, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolu vurğulanıb. Ardınca nümayiş olunan videoçarx iştirakçıları şairin zəngin ömür yoluna səyahətə aparıb.
Mərkəzin dərnək üzvlərinin ifasında Səməd Vurğunun şeirləri, yaradıcılığına həsr edilən musiqi nömrələri səsləndirilib, “Vaqif” və “Fərhad və Şirin” dramlarından parçalar nümayiş olunub.
Sonda dərnək üzvlərinə tədbirdə iştirakla bağlı sertifikat təqdim edilib, xatirə şəkli çəkdirilib.
***
Mayın 13-də Səməd Vurğunun Ev-Muzeyində daha bir yubiley tədbiri Sumqayıt şəhər 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi ilə birgə təşkil edilib.
“Demə Səməd Vurğun gəldi-gedərdi” adlı tədbirdə mərkəzin rəsm dərnəyi üzvlərinin Xalq şairi Səməd Vurğunun obrazını və yaradıcılığını əks etdirən əl işləri nümayiş olunub.
Mərkəz üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub, Səməd Vurğunun əsərləri musiqi müşayiəti ilə səsləndirilib.
Sonda mərkəzin dərnək üzvlərinə muzeyin adından təşəkkürnamə təqdim edilib.


























