Azərbaycan tarixində milli varlığımızın əsas dayaqlarını formalaşdıran, Azərbaycan ideyasını öz fəaliyyətində yaşadan, həyata keçirən böyük şəxsiyyətlər arasında Üzeyir Hacıbəylinin və Heydər Əliyevin müstəsna yeri var.

Vaxtilə Üzeyir bəyin dediyi bu sözləri Ümummilli liderimiz Heydər Əliyevə də aid etmək olar: “Bəşəriyyət tarixində elə şəxslər vardır ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da xalqa mənfəət verirlər...” . 

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə milli mədəniyyətin, ədəbiyyatın, ümumiyyətlə, sənətin yüksəlişində tarixi rolu, müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, Heydər Əliyev Üzeyir Hacıbəylinin irsinə də xüsusi qayğı göstərib, onun yubileylərini beynəlxalq səviyyəyə çıxararaq, bu zəmində Azərbaycan mədəniyyətini dünyaya tanıdıb.

Ulu öndər Azərbaycan mədəniyyətindən danışarkən Üzeyir bəyin misilsiz fəaliyyətini hər zaman qeyd edərdi. O, dahi bəstəkar haqqında çıxışlarının birində belə deyib: “Üzeyir Hacıbəyov fitri istedadı ilə dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı layiqincə təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Buna görə də Üzeyir Hacıbəyovun yaşadığı hər bir gün, yaratdığı hər bir əsər, hər bir not vərəqi, Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti bizim üçün qiymətlidir, bizim üçün əhəmiyyətlidir. Çünki bunların hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişafına, Azərbaycan xalqının özünü  tanıtmasına xidmət etmək deməkdir və bu xidmətlər əvəzsizdir. Ümumiyyətlə, Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir... ”. 

Onu da qeyd edək ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 1915-1942-ci illərdə yaşadığı mənzilin muzeyə çevrilməsi Ulu öndərin tarixi xidmətidir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü nəticəsində 1975-ci il noyabrın 20-də, bəstəkarın anım günləri ərəfəsində muzey ziyarətçilərin üzünə açılmışdı. Yarım əsrdən çoxdur ki, bu muzey Üzeyir bəy irsini yaşadan, gələcək nəsillər üçün qoruyan mədəniyyət ocağı kimi fəaliyyət göstərir.

Üzeyir bəyin anadan olduğu günün, 18 sentyabr tarixinin dövlət səviyyəsində “Üzeyir Musiqi Günü” kimi qeyd edilməsi də Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncamla bağlıdır.

Üzeyir Hacıbəyli Azərbaycan xalqının milli düşüncəsini musiqi dili ilə ifadə edən bir sənətkar idi. O, “Leyli və Məcnun” operası ilə təkcə Şərqdə ilk opera ənənəsini yaratmadı, həm də milli musiqimizi yeni zirvələrə yüksəltdi, səhnəyə gətirdi. Onun “Koroğlu” operasında qəhrəmanlıq, ədalət və xalqın azadlıq arzusu bədii dillə ifadə olunmuşdur. Üzeyir bəyin yaradıcılığı bir çağırış idi: “Oyan  xalqım, öz kimliyini tanı!”.

Üzeyir bəy Azərbaycan xalqının milli kimliyini musiqidə, dildə, düşüncədə ifadə edən bir dahi idi. O, XX əsrin əvvəllərində “Milli marş” yazaraq xalqın milli ruhunu musiqiyə çevirdi. Azərbaycan himninin müəllifi kimi müstəqillik ideyasını notlara yazdı, əsərlərində xalqın azadlıq arzusunu səsləndirdi. İllər sonra müstəqilliyimiz bərpa edildi, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı, həmin "Milli marş" isə xalqın müstəqillik arzularını reallığa çevirilməsinin ifadəsi oldu.

Heydər Əliyevin müstəqillik strategiyası və diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə tanıtdı, dövlətimizi gücləndirdi, suverenliyimizi möhkəmləndirdi. Əgər Üzeyir bəyin yaradıcılığı milli ruhun musiqi ilə ifadəsi idisə, Heydər Əliyevin siyasəti həmin ruhun dövlət idarəçiliyində parlaq təcəssümü oldu.  

Heydər Əliyev müstəqilliyi təkcə siyasi reallıq kimi yox, mənəvi dəyər, mili ruhun təntənəsi kimi qəbul edirdi. “Bizim müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olacaq!” deyirdi Ulu öndər. Üzeyir Hacıbəyli xalqı musiqi ilə birləşdirdi, Heydər Əliyev isə xalqı dövlətçilik ideyası ilə birləşdirdi...

Üzeyir Hacıbəyli musiqi ilə xalqı oyatdı, Heydər Əliyev isə siyasətlə o xalqın müstəqil dövlətini qurdu. Onların hər ikisi sübut etdi ki, xalqın ruhu oyaq olduqda onun dövlətini heç bir güc sarsıda bilməz...

Heydər Əliyev və Üzeyir Hacıbəyli – biri siyasətdə, biri musiqidə – eyni ideyanı yaşatdılar, müstəqil Azərbaycan ideyasını. Onların hər ikisi milli düşüncənin, mili şüurun və milli gələcəyin simvollarıdır. Odur ki, biz bu gün müstəqil dövlətimizin yalnız siyasi sütunlarını deyil, həm də mədəni sütunlarını xatırlamalı, qoruyub gələcək nəsillərə ötürməliyik. Çünki müstəqillik yalnız sərhədlərlə deyil, həm də milli ruhla möhkəmlənir. Bu ruhu Üzeyir bəy musiqiyə, Heydər Əliyev isə dövlət siyasətinə çevirib.

 

Təranə Həsənova

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi