Bakı Bələdiyyə Teatrı Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşilən eyniadlı tamaşanı təqdim edib.
Şəhriyar adına Mədəniyyət Mərkəzində göstərilən tamaşaya müəllifin ailə üzvləri də baxıblar.
Teatrdan verilən məlumata görə, nümayişdən öncə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığından söz açıb.
Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar.
Mərahim Fərzəlibəyov “Şekspir”ə verdiyi rejissor yozumu ilə tamaşaçını Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edir.
Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Tamaşada obrazları İlqar Musayev, Ülviyyə Rza, Hüsniyyə Mürvətova, Rəşad Kəsəmənli, Zülfiyyə Qurbanova, Tural Əhməd, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov, Namiq Cavadov ifa edib.
Səhnə əsəri maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Elçinin “Şekspir” pyesi ilk dəfə Bakıda "Üns" yaradıcılıq səhnəsində nümayiş olunub. 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib. Pyes bir sıra ölkələrdə də səhnəyə qoyulub və geniş tamaşaçı auditoriyasının marağına səbəb olub.

























