Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda konfrans keçirilib.

Konfrans Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Heydər Əliyevin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.

Nazir müavini diqqətə çatdırıb ki, Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan musiqisi, kinosu, teatrı və ümumilikdə incəsənəti beynəlxalq miqyasda tanınıb və nüfuz qazanıb. Bütün bunlar milli köklərə qayıdışın və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin təmin olunmasına xidmət edib.

Konfransda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Həsənov çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edilib. Vurğulanıb ki, Ulu öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş şəkildə təbliğ olunur, ölkəmizin zəngin mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Eyni zamanda, milli dəyərlərin gənc nəslə aşılanması, onların milli kimlik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Tədbirdə daha sonra Heydər Əliyevin sevdiyi musiqi əsərlərindən ibarət proqram təqdim olunub.