Ağdam Dövlət Dram Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında yeni tamaşa hazırlanır.

Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir.

Əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir.

Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Rejissorun səhnə yozumunda əsas xətt məhəbbət mövzusu üzərində qurulsa da, təqdim olunan sevgi klassik romantik çərçivədən kənara çıxaraq, səhnə ilə həyatın kəsişməsində yeni məna qazanır.

Quruluşda metateatr elementlərindən istifadə olunub. Tamaşada sənət naminə qurban verilən hisslər, şəxsiyyətin parçalanması, şöhrət və ambisiya, daxili boşluq kimi mövzular ironik və bəzən də acı yumorla təqdim edilir.

Səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Xaliq Abdullazadədir.

Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Teymur Kərimov ifa edirlər.

Premyera tarixi barədə əlavə məlumat təqdim olunacaq.