Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qanvermə aksiyası keçirilib.
Teatrdan bildirilib ki, kollektivin fəal iştirakı ilə reallaşan bu təşəbbüs cəmiyyətimizdə həmrəylik, yardımlaşma və sosial məsuliyyət kimi dəyərlərin təbliği baxımından nümunəvi addım olub.
Qanvermə aksiyaları, ilk növbədə, həyati əhəmiyyət daşıyan tibbi ehtiyacların qarşılanmasına xidmət edir. Ağır əməliyyatlar, yol-nəqliyyat hadisələri, xroniki xəstəliklər və ya doğuş zamanı yaranan fəsadlar nəticəsində minlərlə insan donor qanına ehtiyac duyur. Bu baxımdan könüllü şəkildə verilən hər bir damla qan kiminsə həyatını xilas edə, ona yeni ümid verə bilər.
Bununla yanaşı, qanvermə donorun sağlamlığı üçün də faydalıdır. Mütəxəssislərin fikrincə, müntəzəm qanvermə qan dövranını stimullaşdırır, yeni qan hüceyrələrinin yaranmasını sürətləndirir və bəzi ürək-damar xəstəliklərinin riskini azalda bilər. Eyni zamanda, bu proses zamanı donorun ümumi sağlamlıq vəziyyəti yoxlanılır ki, bu da erkən diaqnostika baxımından əhəmiyyətlidir. Bu səbəbdən belə aksiyaların davamlı təşkili və əhalinin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.






















