Aprelin 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, şair Seyran Səxavətin 80 illiyi münasibətilə kitab sərgisinin təqdimatı və yubilyarla görüş keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov yazıçının yaradıcılığı haqqında danışaraq onun əsərlərinin geniş oxucu auditoriyasının rəğbətini qazandığını vurğulayıb. Qeyd edib ki, Seyran Səxavət gənclər tərəfindən də sevilən şeirlərin müəllifidir, eyni zamanda bədii publisistika və tərcümə sahəsində fəaliyyəti ilə ədəbiyyatımızda mühüm iz qoyub.

Əməkdar jurnalist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi çıxışında yazıçının çoxşaxəli fəaliyyətindən bəhs edərək onu müasir Azərbaycan ədəbiyyatının layiqli nümayəndələrindən biri kimi dəyərləndirib.

Tədbirin sonunda Seyran Səxavət öz şeirlərindən nümunələr söyləyib.

Sərgidə Seyran Səxavətin əsərləri, eləcə də həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində nəşrlər və dövri mətbuat materialları nümayiş olunub.