Şəki Dövlət Dram Teatrı 2026-cı ilin sonunadək teatrsevərləri maraqlı və müxtəlif janrlı tamaşalarla sevindirməyə hazırlaşır.
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, teatrda həm klassik, həm də müasir dramaturgiya nümunələri əsasında yeni səhnə əsərləri hazırlanacaq.
Bu barədə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Yeni layihələr sırasında görkəmli türk dramaturqu Tuncer Cücenoğlunun eyniadlı pyesi əsasında hazırlanacaq “Uçqun” tamaşası xüsusi yer tutur. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir. Psixoloji dramatizmi ilə seçilən səhnə əsərinin cari teatr mövsümünün sonunadək tamaşaçılara təqdim olunacağı planlaşdırılır.
Teatrın repertuarında Azərbaycan uşaq ədəbiyyatının incilərindən sayılan “Qaraca qız” əsəri də yer alır. Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında Azərbaycan uşaq ədəbiyyatının banilərindən Abdulla Şaiq tərəfindən səhnələşdirilmiş pyes rejissor Elvin Nurinin quruluşunda təqdim ediləcək. Məktəbli tamaşaçılar üçün nəzərdə tutulan “Qaraca qız” tamaşasının yaxın vaxtlarda nümayişi gözlənilir.
Bu il Xalq yazıçısı Afaq Məsudun “Yol üstə” psixoloji dramı əsasında da yeni tamaşa hazırlanacaq. Eyniadlı səhnə əsərinə rejissor E.Nuri quruluş verəcək.
Bundan əlavə, Mirzəağa Atəşin “Gəlinlər” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa teatrın builki repertuarında xüsusi yer tutur. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynlidir. Dinamik səhnə həlli və aktyor oyunu ilə seçilən tamaşa premyeradan etibarən tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Şəki Dövlət Dram Teatrı son illərdə repertuarını daha da zənginləşdirərək həm klassik ədəbi irsin qorunmasına, həm də müasir dramaturgiyanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.



















