Aprelin 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub.

Kitabxanadan bildirilib ki, layihə çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, professor Zahid Xəlil ilə 215 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin görüşü keçirilib.

Şagirdlər yazıçı ilə söhbət edərək ona yaradıcılığı, ədəbiyyata gəliş yolu və kitablarının yaranma prosesi haqqında suallar ünvanlayıblar.

Zahid Xəlil mütaliənin uşaqların intellektual inkişafında və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək şagirdləri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa və ana dilinin zənginliyini qorumağa çağırıb.

Tədbir çərçivəsində yazıçının “Şəkərabad şəhərinin uşaqları”, “Kralın kreslosu” və “Göy qurşağı” kitabları haqqında şagirdlərə ətraflı məlumat verilib. Əsərlərdə uşaq dünyasının zənginliyi, dostluq, xeyirxahlıq və milli-mənəvi dəyərlərin təbliği xüsusi vurğulanıb.

Sonda məktəblilər yazıçı ilə xatirə şəkilləri çəkdirib və müəllifdən avtoqraf alıblar.

“Müəllif saatı” layihəsinin əsas məqsədi məktəblilərdə mütaliə vərdişlərini inkişaf etdirmək, onları Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxından tanış etmək, həmçinin Azərbaycan dilinin və milli ədəbiyyatın təbliğini gücləndirməkdir.