Azərbaycan professional xor sənətinin formalaşması və dövlət səviyyəsində təşkili uzun və mürəkkəb yolu keçib. Bu proses təkcə bir kollektivin yaranması ilə məhdudlaşmayıb, ümumilikdə milli musiqi mədəniyyətinin Avropa çoxsəsli ənənələri ilə sintezinin nəticəsi kimi meydana çıxıb. Milli xor ifaçılığının tarixi köklərinə nəzər saldıqda bu prosesin XX əsrin əvvəllərindən etibarən sistemli şəkildə formalaşdığını görmək mümkündür.

Azərbaycan musiqisində çoxsəsli xor ifaçılığı ideyası ilk dəfə professional şəkildə XX əsrin 20-ci illərində irəli sürülmüşdü. 1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor yaratmaq istiqamətində ilk təşəbbüslər edilmiş, milli musiqinin yeni ifadə vasitələri ilə zənginləşdirilməsi qarşıya məqsəd qoyulmuşdu. Bu təşəbbüs həmin dövr üçün son dərəcə yenilikçi idi, çünki Azərbaycan musiqi ənənəsi əsasən monodik – yəni tək səslilik üzərində qurulmuşdu. Lakin Avropa musiqi sisteminin öyrənilməsi və tətbiqi nəticəsində xor sənətinə maraq getdikcə artmağa başladı.

1936-cı ildə isə bu istiqamətdə ilk ciddi addım atıldı və yeni yaradılan Azərbaycan Dövlət Filarmoniyasının nəzdində ilk dövlət xoru təşkil edildi. Bu hadisə Azərbaycan xor ifaçılığı tarixində dönüş nöqtəsi hesab olunur. Həmin kollektiv milli musiqi materialının çoxsəsli işlənməsi və səhnə ifası baxımından yeni imkanlar açdı.

Sonrakı onilliklərdə xor sənəti inkişaf etsə də, müstəqil və peşəkar dövlət xor kollektivinin formalaşması üçün daha geniş təşkilati baza tələb olunurdu. Nəhayət, 1966-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yaradıldı.

Yeni yaradılmış kollektivin ilk bədii rəhbəri və baş dirijoru Əməkdar incəsənət xadimi Eduard Novruzov olub. Onun rəhbərliyi dövründə xor kollektivi repertuar, ifa mədəniyyəti və peşəkarlıq baxımından formalaşaraq respublikanın aparıcı musiqi kollektivlərindən birinə çevrildi. Bu mərhələdə həm Azərbaycan bəstəkarlarının əsərləri, həm də dünya klassiklərinin nümunələri repertuara daxil edildi və xor sənəti geniş auditoriyaya təqdim olundu.

1996-cı ildən kollektivə Xalq artisti Gülbacı İmanova rəhbərlik etməyə başladı. Bu dövrdə Azərbaycan Dövlət Xor Kapellası öz fəaliyyətini daha da genişləndirib, beynəlxalq əlaqələrini gücləndirib və repertuarını zənginləşdirib. Xorun repertuarında Cahangir Cahangirov, Niyazi və digər bəstəkarların əsərləri xüsusi yer tutur, eyni zamanda muğam elementlərinin xor sənətinə tətbiqi istiqamətində maraqlı təcrübələr aparılıb.

Azərbaycan Dövlət Xorunun tarixi şərti olaraq 1936-cı ildə ilk dövlət xor kollektivinin yaradılmasından başlanaraq 2026-cı ilə qədər olan 90 illik dövrü əhatə edir. Bu müddət ərzində xor sənəti ölkənin musiqi həyatının ayrılmaz hissəsinə çevrilib, dövlət tədbirlərində, beynəlxalq festivallarda və konsert proqramlarında mühüm yer tutub. Xüsusilə müstəqillik illərində xor sənətinə dövlət qayğısı artıb, kollektivlərin maddi-texniki bazası gücləndirilib və gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.

Bu inkişaf yolu göstərir ki, Azərbaycan Dövlət Xoru təkcə bir musiqi kollektivi deyil, həm də milli musiqi düşüncəsinin transformasiyasının simvoludur. Monodik Şərq musiqisindən çoxsəsli Avropa tipli ifaçılığa keçid məhz xor sənəti vasitəsilə daha aydın şəkildə özünü göstərib. Bu baxımdan 90 illik fəaliyyəti milli musiqi tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Bu gün Azərbaycan Dövlət Xor Kapellası həm klassik, həm də müasir repertuarı ilə ölkənin mədəni həyatında fəal iştirak edir, milli musiqinin dünyada tanıdılması istiqamətində mühüm missiya daşıyır. Onun fəaliyyəti Azərbaycan xor sənətinin zəngin ənənələrini yaşatmaqla yanaşı, gələcək nəsillərə ötürülməsinə xidmət edir.

 

Bəyim Dadaşova

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi