Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Molla Nəsrəddin" jurnalının 120 illik yubileyi münasibətilə "Molla Nəsrəddin – 120" adlı virtual sərgi və "Milli mətbuat tariximizin güzgüsü" adlı biblioqrafik icmal tərtib edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgi Xalq yazıçısı Anarın "Molla Nəsrəddin" yüz on il sonra" kitabı, "Molla Nəsrəddin lətifələri", jurnalın tarixi haqqında müxtəlif illərdə çap olunmuş kitablar və mətbuatda dərc edilmiş məqalələri əhatə edir.

Biblioqrafik icmalda “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Molla Nəsrəddin” jurnalının tarixi, jurnal haqqında maraqlı faktlar, akademik İsa Həbibbəylinin “Mollanəsrəddinçilik təlimi və müasirlik”, professor Allahverdi Məmmədlinin “Cəlil Məmmədquluzadənin publisistikası Azərbaycançılıq kontekstində”, jurnalist Zümrüd Bayramovanın “Zamanın yaratdığı 120 yaşlı "Molla Nəsrəddin” adlı məqalələrin tam mətni verilib.

Vəsaiti tərtib etməkdə məqsəd, nəşrin yaranma tarixi, ideya-məzmun xüsusiyyətləri və ictimai-siyasi proseslərə təsiri, Azərbaycan mətbuat tarixində və satirik ədəbiyyatın inkişafındakı rolu haqqında materialları gənc nəslə çatdırmaq və milli-mədəni irsin öyrənilməsi və təbliği fonunda oxucularda analitik və tənqidi düşünmə bacarığını formalaşdırmaqdan ibarətdir.

Virtual sərgi (https://ryl.az/multimedia/molla-nesreddin-120) və biblioqrafik icmal (https://ryl.az/funds/biblioqrafik-icmal) kitabxananın rəsmi saytında yerləşdirilib.