Akademik Rafael Hüseynov: "Xalid Səid Xocayevin irsi Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi-mənəvi dəyərdir"

Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində XX əsr türkologiya elminin görkəmli nümayəndəsi, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Özbəkistandakı Heydər Əliyev adına AMM-nin direktoru Akif Marifli, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Sanjar Adilov iştirak ediblər.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, tədbirdə çıxış edən akademik Rafael Hüseynov ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu bildirib, bu münasibətlərin genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə yaradılmış Mərkəzin tarixi əhəmiyyətini qeyd edib.

Xalid Səid Xocayevin irsinin Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi-mənəvi dəyər olduğunu söyləyən akademik Rafael Hüseynov bildirib ki, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edən Xalid Səid Xocayev türkologiya elminin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi tarixdə özünəməxsus yer tutub. Ədibin irsi bu gün də аktuallığını qoruyur və Türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir.

Akademik Rafael Hüseynov belə mərkəzlərin yaradılmasının gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından böyük önəm daşıdığını vurğulayıb.

Tədbirdə qeyd olunub ki, yeni yaradılan Azərbaycanşünaslıq Mərkəzi Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, fotomateriallar və müxtəlif tədris vəsaitlərilə təmin edilib. Mərkəzin tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alıb.

Mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, habelə elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün akademik platforma rolunu oynayacaq.