Milli Kitabxana aprelin 7-də Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsinin işıq üzü görməsinin 120 illik yubileyi münasibətilə ənənəvi və virtual sərgiləri istifadəçilərə təqdim edib.
Kitabxanadan verilən məlumata görə, sərgilərdə rəsmi sənədlər, jurnalın orijinal nömrələri, kitab şəklində nəşr olunmuş çoxcildliyi, milli təfəkkürün inkişafında və insanların maariflənməsində jurnalın böyük rolu, Cəlil Məmmədquluzadə və bu jurnal ətrafında formalaşan mollanəsrəddinçilərin – Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi dövrün tanınmış ziyalılarının göstərdikləri xidmətlər və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, elmi tədqiqat işləri, həmçinin Milli Kitabxananın nəşr etdiyi biblioqrafiyalar və dövri mətbuat materialları nümayiş olunur.
“Azərbaycan mətbuatının işıqlı səhifəsi: “Molla Nəsrəddin” jurnalı – 120” adlı virtual sərgiyə https://anl.az/el/vsb/Molla_Nesreddin_120/index.htm linkində baxmaq olar.
Təkcə satirik nəşr deyil, eyni zamanda milli oyanış, maarifçilik və ictimai şüurun inkişafında vasitə kimi Azərbaycan mətbuatının tarixi baxımından əhəmiyyətli rol oynayan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi və mədəni həyatında dönüş nöqtəsi yaradıb. Jurnal 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşrə başlayıb və müəyyən fasilələrlə iyirmi beş il ərzində fəaliyyət göstərib.
Görkəmli ədib, publisist və satirik ədəbiyyatın banisi Cəlil Məmmədquluzadənin redaktoluğu ilə əvvəlcə Tiflisdə (370 nömrə), sonra qısa müddət Təbrizdə (8 nömrə), nəhayət, Bakıda (390 nömrə) nəşr olub. Jurnalın yaradıcı heyəti M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və digər ziyalılar daxil olub. Rəssamlar Rötter, Şmerlinq, Əzim Əzimzadə və Təbrizdə çıxan nömrələrin illüstratoru Əli Behzad realist üslubda çəkdikləri karikaturalarla jurnalın sosial-satirik mesajını vizual olaraq ifadə edib.
“Molla Nəsrəddin” jurnalı həftədə bir dəfə, hər sayı 8 səhifə həcmində, rəngli və şəkilli nəşr olunaraq dövrün sosial problemlərini, cəhaləti, haqsızlığı və ictimai bəlaları satirik üslubda işıqlandırıb. Adını xalq ədəbiyyatının müdrik və zarafatcıl obrazı Molla Nəsrəddindən alan jurnal, gülüş vasitəsilə cəmiyyəti düşündürməyi, ədalətsizliyə qarşı maarifçilik missiyasını həyata keçirməyi məqsəd qoyub.
Jurnal yalnız Azərbaycanda deyil, həm də Qafqaz, Rusiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrikanın bir çox şəhərlərində yayılıb, müxtəlif millətlərdən milyonlarla oxucu qazanıb. Onun təsiri nəticəsində Azərbaycanda “Bəhlul”, “Zənbur”, “Babayi-Əmir”, “Şeypur”, “Kirpi” və digər satirik nəşrlər meydana çıxıb.






















