Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində “Klassik Musiqi Həvəskarları Klubu”nun təşəbbüsü ilə növbəti konsert keçirilib.
Aprelin 3-də təşkil olunan “Yurdumuza bahar gəlib” adlı konsert proqramını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının professoru Xalq artisti Ülviyyə Hacıbəyova və tələbələri təqdim ediblər.
Bu baradə Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyi məlumat yayıb.
Konsertdən əvvəl muzeyin şöbə müdiri Əzirə Abdullayeva giriş sözü söyləyib, ifaçı qonaqları təqdim edib.
Ülviyyə Hacıbəyova, Səma Mustafayeva, Leyla Balayeva, Cahan Tağızadə, Fidan Muxtarova, Nəzrin Məmmədli, Zöhrə Ramazanlı və Kənan Xəlilzadənin ifalarında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda Ülviyyə Hacıbəyova Mehriban Əhmədovanın “Qızlar bulağı”, Gülarə Əliyevanın “Rapsodiya” və Qara Qarayevin “Prelüd” əsərlərini ifa edib.

























