Aprelin 2-də Şəki şəhərində Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Aprel döyüşlərinin (2016) şəhidi Elnur İsgəndərovun (1989–2016) xatirəsinə həsr edilmiş “Zəfər müjdəsi – Aprel” adlı anım tədbiri keçirilib.

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin təşkilatçılığı, Şəki Dövlət Dram Teatrı və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Aprel döyüşlərinin hərbi-siyasi və strateji əhəmiyyətindən danışılıb, qazanılan qələbənin 2020-ci ildəki böyük Zəfərə aparan yolun əsas başlanğıcı olduğu qeyd olunub. Bu döyüşlərin Azərbaycan Ordusunun gücünü və xalqın dəstəyini bütün dünyaya nümayiş etdirdiyi diqqətə çatdırılıb. Döyüşlərdə Azərbaycan Ordusunun şücaəti, hərbi qulluqçularımızın fədakarlığı xüsusi vurğulanıb.

Çıxış edənlər Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elnur İsgəndərovun şanlı döyüş yolundan danışıblar. Bildirilib ki, Aprel döyüşlərində Elnur İsgəndərov kimi oğulların igidliyi, qəhrəmanlığı sayəsində düşmən işğalında olan bəzi strateji əhəmiyyətli yüksəkliklər azad olunub, Ermənistan ordusunun məğlubedilməzlik mifi darmadağın edilib. Bununla da, xalqımızın torpaqlarımızın tam azad ediləcəyinə olan inamı daha da artıb.

Şəhid Elnur İsgəndərovun anası Gülnar İsgəndərova tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür edib.

Tədbirin bədii hissəsində “Natiq ritm" qrupunun çıxışı olub, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin və Şəki Dövlət Regional Kollecinin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirilib.